HAQQIMIZDA
Dünya turizm sənayesində kənd turizmi mühüm yer tutan sektorlardan biridir. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir. Ölkəmizdə də turizmin əksər növlərinin, o cümlədən kənd turizminin inkişafı üçün geniş potensial mövcuddur.
Bundan başqa ölkəmizdə sahibkarlıq fəaliyyəti də qədim tarixə malikdir və son dövrlərdə bu fəaliyyətin müxtəlif sahələri geniş inkişaf etdirilir. Xüsusilə mikro, kiçik və orta sahibkarlıqda kənd təsərrüfatı, turizm, xidmət və aqrar sektor üzrə fəaliyyətlər daha da çox artıb.
Əhalinin özünüməşğulluğunun təmin edilməsində və yaşayış şəraitinin yaxşılaşdırılmasında kənd turizmi xüsusi önəm daşıyır və regionlarda inkişaf edirilməsi də olduqca vacib amildir.
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi Azərbaycanın turizm potensialı yüksək olan regionlarında sahibkarlığın təşviqi, özünəməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Layihə ilk dəfə 2020-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi, Dövlət Məşğulluq Agentliyinin dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilib.
Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində uğurla icra olunan layihə çərçivəsində 300 nəfər kənd sakini sahibkarlıq imkanları ilə yanaşı özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Onların kənd turizmi fəaliyyəti ilə məşğul olacaqları obyektləri təmir olunub və 15 sahibkarlıq obyekti turizm sahəsində fəaliyyətə başlaması üçün lazımi bütün avadanlıqlarla təchiz olunub. (Siyahı)
Hal-hazırda “Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Lerik, Astara və Lənkəranda uğurla davam edir.
2021-ci ilin noyabr ayında 2-ci mərhələsi başlayan layihənin icrası nəticəsində aşağıdakı nəticələr əldə olunacaq:
– Ümumilikdə 50 sahibkarlıq subyekti təsis olunacaq;
– Ölkənin turizm potensialı yüksək olan regionlarında sahibkarlıq fəaliyyəti təşviq ediləcək;
– Kənd sakinləri üçün sahibkarlıq imkanları ilə yanaşı özünüməşğulluq imkanları genişləndiriləcək;
– Kəndlərdə yaşayan vətəndaşların maddi vəziyəti yaxşılaşdırılacaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll olunacaq;
– Turizm sahəsində yeni sahibkarlıq obyektləri fəaliyyətə başlayacaq;
– Kəndlərdə yerli icmanın gəlirlilik səviyyəsi artacaq;
– Layihə yerli turizmin inkişafına, o cümlədən kənd turizminin inkişafına müsbət təsir göstərəcək.
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin 2-ci mərhələsi də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və dəstəyilə, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin icrasında əsas məqsəd kəndlərdə sahibkarlığın inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir.
Eyni zamanda layihə aşağıdakı mühim strateji sənədlərin məqsəd və prioritetlərini dəstəkləyir:
- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi;
- Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi;
- 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası;
- Azərbaycan Respublikasında turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi.
Layihənin əsas hədəf qrupu kənd sakinləri, xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya özünü bu sahədə inkişaf etdirmək istəyən işsiz şəxslər, qadınlar və gənc ailələrdir.
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin növbəti mərhələlərinin ölkənin turizm potensialı yüksək olan digər ərazilərində də həyata keçirilməsi planlaşdırılır.
Layihənin ideya müəllifi və rəhbəri Nigar Ələsgərovadır.